kanal14.az
kanal14.az

Moskva görüşünün nəticəsi: Rahatlıq da var, narahatlıq da - GƏLİŞMƏ

Moskva görüşünün nəticəsi: Rahatlıq da var, narahatlıq da - GƏLİŞMƏ
12-01-2021, 11:54 96 dəfə baxılıb

Moskva görüşünün nəticəsi: Rahatlıq da var, narahatlıq da
Xəbər verdiyimiz kimi, yanvarın 11-də Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Moskvada üçtərəfli görüş keçirilib. 4 saat davam edən görüşün nəticəsi olaraq, 4 bənddən ibarət bəyanat imzalanıb və sonra liderlər mətbuata bəyanatla çıxış ediblər.

Razılaşdırılan bəyanatda ilkin olaraq qeyd olunur ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılması baxımından, 10 noyabr 2020-ci il tarixli Bəyannamənin 9-cu bəndinə əsasən, hər üç ölkənin Baş nazir müavinlərinin sədrliyi altında üçtərəfli İşçi Qrupunun yaradılması barədə təklifi dəstəklənir.

Bəyanatın ikinci bəndinə əsasən, işçi qrup prioritet olaraq Azərbaycan, Rusiya və Ermənistan arasında dəmir yolu və avtomobil rabitəsini qurmaq, həmçinin ölkələr arasında digər sahələr üzrə əlaqələrin bərpası istiqamətində fəaliyyət göstərəcək.

Bəyanatın növbəti bəndində qeyd olunur ki, yaxın gələcəkdə hökumətlərin Baş nazir müavinləri işçi qruplar yaradacaq, onlar isə öz növbəsində nəqliyyat infrastrukturunun və bölgə iqtisadiyyatının inkişafı üçün konkret planlar təqdim edəcəklər.

Bəyanatın sonuncu bəndində vurğulanır ki, İşçi Qrup, 2021-ci il martın 1-dək, Azərbaycan Respublikası və Ermənistan Respublikası ərazisindən keçən beynəlxalq daşımaların təşkili, həyata keçirilməsi və təhlükəsizliyi üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpası və tikintisi ilə bağlı tədbirlərin siyahısını və cədvəlini təqdim edəcək.

Görüşü AYNA-ya şərh edən Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri, siyasi şərhçi Araz Aslanlı xatırladıb ki, sentyabrın 27-də münaqişə yenidən alovlanandan və Azərbaycan öz ərazilərini azad etməyə başlayandan sonra, Azərbaycan ilə Ermənistan rəhbərləri arasında görüş olmamışdı: "Yəni, tərəflər sonuncu dəfə noyabrın 10-da, bizə tam aydın olmayan formatda birgə bəyanatla çıxış etmişdilər. Ona görə də aydın idi ki, mütləq dövlət və ya hökumət başçıları səviyyəsində bir görüşə ehtiyac var. Təbii ki, bu görüş bir müqavilə ilə də, bəyanatla da, mətbuata açıqlama ilə də nəticələnə bilərdi, amma bütün hallarda liderlərin mətbuatın qarşısına çıxıb mövcud vəziyyətə və gələcəyə dair birlikdə açıqlama ortaya qoymaları zəruri idi. Ona görə də bu görüşü, ilk növbədə bu baxımdan qiymətləndirməliyik ki, birgə bəyanatın üstündən iki ay keçdikdən sonra olsa da, belə bir görüş reallaşdı”.

"Əslində, bu görüşdən gözlədiyimə uyğun bir məqam gördüm. Əvvəla, liderlər sülhü tam əldə etmə prosesi, yəni münaqişənin tam həllinə gedən yolda mütləq görüşməli və bütün nüansları açıqlamalı idilər. Bu proses də təbii olaraq yarıqapalı formatda getməli idi. Çünki bu format, sadəcə bizimlə bağlı deyil, əksər münaqişələrdə də bu formatdan istifadə edilib. Çünki tərəflərin bütün nüansları açıqlamaq taktikası çox vaxt uğursuz nəticələnib. Ona görə də görüş bizim gözlədiyimiz bir taktika ilə baş tutdu. Yəni, bütün nüansları açıqlanmadı”, - politoloq bildirib.

"Lakin proses 1997-1998-ci illərdəki kimi də getmir. Çünki o zamankı proses həddindən artıq qapalı formatda baş tutmuşdu və 1997-ci ildə tərəflərə təqdim edilən həll planlarından yalnız 2001-ci ilin fevralında xəbərimiz olmuşdu. Yəni, bu gün həmin proses də getmir. Çünki məsələ artıq status-kvo üzərindən hərəkət etmək deyil. Məsələ ondan ibarətdir ki, tərəflər əlindəkini tam yox, əsasən ortaya qoyub və 10 noyabrdakı nəticə ortaya çıxıb”, - o vurğulayıb.

Aslanlı hesab edir ki, bundan sonra mahiyyətə və imkanlara uyğun bir proses cərəyan edəcək: "Biz daha çox mövcud nəticələrin qəbul olunmasını istəyir və 10 noyabr bəyanatına uyğun hərəkət edirik. Ermənistan isə statusun qeyri-müəyyən olduğunu, amma bu gün üçün aktual məsələ olmadığını bildirir. Bu da bizim üçün müəyyən mənada qəbul oluna bilən bir məqamdır. Yəni, Ermənistanın artıq statusu ön plana keçirməməsi çox önəmlidir. Çünki 1994-cü ildə imzalanan atəşkəsdən bu günə qədər bütün mərhələlərdə problem həllini ona görə tapmırdı ki, Ermənistan stausu birinci mərhələdəki addım kimi görürdü. Amma bu gün hər hansı bir statusdan söhbət getmir deyə, ən azı bu da bizim üçün müsbət haldır”.

"Putin, Əliyev və Paşinyanın görüşünü ümumilikdə təhlil etsək, bizi rahatlaşdıran nüanslar çox deyil, amma bizi narahat edən nüanslar da çox deyil. Qeyri-müəyyən nüanslar isə daha çoxdur və bu da təbiidir. Amma imzalanan sənəddə ümumi əhval-ruhiyyədə bizi qane edəcək məqam daha çox olacaq. Sadəcə, biz bilmirik ki, tərəflər hər şeyi 1990-cı illərdəki kimi konkret bir sənədlə tənzimləyəcəklər, yəni, biz hər şeyi tənzim edən sülh müqaviləsi görəcəyik, yoxsa hər detalı xırda-xırda tənzimləyən sənədlərlə hərəkət edəcəklər... Mən hal-hazırda ikincinin olma ehtimalını daha çox güman edirəm. İndi isə tərəflər nəyi razılaşıb-nəyi razılaşmayıblar, demək çətindir. Amma atılacaq addımlar, sanki hər mərhələ üzrə nəyisə razlaşdırıb icra etmək kimi görünür”, - deyə, müsahibimiz fikrini yekunlaşdırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA