Gündəm / Cəmiyyət

İşğaldan azad edilən ərazilərin bərpasından sonra həyat əvvəlki axarına qayıdacaq

İşğaldan azad edilən ərazilərin bərpasından sonra həyat əvvəlki axarına qayıdacaq
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 

Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında işğaldan azad edilən kənd, qəsəbə və şəhərlərimizdə acınacaqlı vəziyyətin hökm sürdüyü barədə danışarkən bildirib ki, düşməndən təmizlənən ərazilərdə salamat bir bina, bir infrastruktur qalmayıb. Bütün yaşayış məntəqələri xarabalığa çevrilib, yeraltı və yerüstü sərvətlər talan edilib. Erməni barbarlığı o həddə çatıb ki, hətta evlərin pəncərə çərçivələrini, unitazları belə oğurlanıb.

Dövlətimizin başçısı Kəlbəcərin işğaldan azad olunması ilə bağlı xalqa müraciətində qəsbkardan təmizlənən yaşayış məntəqələrimizdə həyata keçiriləcək infrastruktur layihələrindən bəhs edərkən deyib: "Biz isə qurub-yaradanıq. Biz bu şəhərləri, bu rayonları yenidən dirçəldəcəyik. Bu rayonların bərpası ilə bağlı böyük planlarımız var. Artıq, bu planlar reallaşır, infrastruktur layihələri icra edilməyə başlayır. Şuşaya yeni yolun çəkilişi artıq başlanmışdır. Sovet vaxtında Şuşaya getmək üçün bir yol var idi - Ağdamdan Xankəndiyə, oradan da Şuşaya. İndi biz Füzuli rayonundan yeni yol çəkirik. Bu yol Xocavənd rayonunun bir hissəsindən keçəcək. Göstəriş vermişəm ki, bu, tezliklə təmin edilsin. Halbuki bu, böyük işdir, orada yol olmayıb və meşələrin içi ilə yol salınır, dərələr, təpələr, çox ağır relyef var orada. Amma biz bunu edəcəyik”.

AMEA Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırov AZƏRTAC-a açıqlamasında bildirib ki, hazırda işğaldan azad edilən torpaqlarda sektorlar üzrə investisiya qoyuluşu, həmçinin investorların cəlb edilməsi ilə bağlı məsələlər araşdırılır. Şuşa və bir neçə yaşayış məntəqəsi istisna olmaqla qalan bütün ərazilərin həm sosial şərtləri, həm də iqtisadiyyatının sıfırdan qurulması nəzərdə tutulur. Şübhəsiz ki, belə bir prosesin həmin ərazilərin reabilitasiyasından sonra həyata keçirilməsi məqsədəuyğun sayılır.

Ümumiyyətlə, bu məsələ strateji plan əsasında reallaşdırılacaq. Bu zaman sahələrin əvvəlcə minasız vəziyyətə gətirilməsi, köhnə, dağılmış yaşayış məntəqələrinin qalıqlarının hansı hissəsinin təmizlənməsi, yaxud hansı hissəsinin saxlanması diqqət mərkəzində saxlanılacaq. Bütün bunlarla bərabər, müasir sağlamlıq, turizm zonalarının yaradılması da mühüm vəzifə kimi qarşıya qoyulacaq.

E.Bağırov bildirib ki, Ermənistanın hərbi təcavüzündən azad olunan 1, 7 milyon hektar Azərbaycan ərazisinin əksər hissəsi müxtəlif növ kənd təsərrüfatı məhsullarının becərilməsi üçün yararlıdır. Həmin məhsulların emalı yeyinti sənayesində yeni güclərin yaranmasına, etibarlı təchizat bazasının formalaşdırılmasına imkan verəcək. Ona görə də təbii ehtiyatlara əsaslanan sənaye müəssisələrinin qurulması, aqrar potensial nəzərə alınmaqla, iri emal sənayesi komplekslərinin yaradılması bu yaşayış məntəqələrinə qayıdan sakinlərin sosial şəraitinə, həyat tərzinə əsaslı təsir göstərəcək. Təbii ki, bu prosesdə dövlətlə bərabər, özəl sektor da fəal iştirak edəcək. Xüsusilə xarici investorların cəlbi istiqamətində müəyyən imtiyazlar müəyyənləşdiriləcək, vergi-gömrük sistemində müvafiq güzəştlərinin tətbiqinə önəm veriləcək. Bir sözlə, gerçəkləşdiriləcək strateji proqramda iqtisadi islahatlardan, mülkiyyət toxunulmazlığına zəmanətdən tutmuş məhkəmə münaqişələrinin ədalətli həllinə qədər bütün məsələlər öz ifadəsini tapacaq.

E.Bağırovun qeyd edib ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə işğaldan azad edilən Qarabağ torpaqları iqtisadiyyatımızın daha sürətli inkişafı üçün yaxın gələcəkdə yeni potensial imkanları genişləndirəcək, Azərbaycanın iqtisadi göstəricilərinə görə regionun lideri mövqeyini möhkəmləndirəcək.

Dövlətimizin başçısı Qarabağda bərpa-quruculuq tədbirlərindən danışarkən, deyib: "Biz bu əraziləri bərpa edəcəyik. Biz kömək edəcəyik… Biz işğaldan azad edilən yaşayış sahələrimizi təzədən tikəcəyik. Bütün kəndləri yenidən quracağıq. Orada yaşayacaq insanlar tikinti işlərinə cəlb ediləcəklər. Onlar öz evlərini bərpa etmək üçün məvacib alacaqlar. Oraya həyat qayıdacaq, oraya uşaqların gülüşü qayıdacaq. İnsanlar rahat nəfəs alacaq, hiss edəcəklər ki, ləyaqətlərini özlərinə qaytarıblar…”.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, torpaqlarımız tam şəkildə işğaldan azad edildikdən sonra bərpa proqramları reallaşdırılacaq, Qarabağ torpaqlarına yeni nəfəs veriləcək, yeni ruh gələcək. Məcburi köçkünlər öz dədə-baba yurdlarına qayıdacaqlar.