kanal14.az
kanal14.az

Qubadlının tarixi və abidələrinə qarşı erməni vandalizmi

Qubadlının tarixi və abidələrinə qarşı erməni vandalizmi
24-10-2020, 17:15 77 dəfə baxılıb

Qubadlının tarixi və abidələrinə qarşı erməni vandalizmi
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Tarixi Zəngəzur bölgəsinin qapısı sayılan Qubadlı rayonu Qarabağ silsiləsinin cənub-şərqində Bərgüşad və Həkəri çayları hövzəsində yerləşir. 1933-cü ildə yaradılmış rayonun ərazisi 802 kvadratkilometr olub, inzibati cəhətdən 94 yaşayış məntəqəsindən, o cümlədən 1 şəhər və 93 kənddən ibarətdir. XIX-XX əsrin əvvəllərinə aid arxiv sənədləri, eləcə də çar Rusiyasının mövcud olduğu dövrdə tərtib edilmiş statistik hesabatlar Qubadlı ərazisinin yerli əhalisinin Azərbaycan türkləri olduğunu təsdiq edir. Erməni işğalından əvvəl də rayon əhalisi bütünlüklə azərbaycanlılardan ibarət olub, ərazisində heç bir erməni yaşamayıb. Qubadlı rayonu 1988-ci il noyabrın 24-də ilk şəhidini verdiyi gündən 1993-cü il avqustun 31-də erməni işğalına məruz qaldığı tarixədək 1737 gün düşmənə qarşı qəhrəmancasına mübarizə aparıb. 1993-cü ilin avqustunda Qubadlı rayonu uğrunda döyüşlər zamanı müasir dövrdə olduğu kimi, yalançı erməni xisləti özünü açıq-aydın göstərdi. 1993-cü il avqust ayının sonunda ermənilər atəşkəs vədi versələr də, qəfildən hücuma keçərək rayon ərazisini tamamilə işğal etdilər.

Kanal14.az bildirir ki, bu fikirləri Azərtac-a açıqlamasında tarixçi alim Ramin Əlizadə bildirib.

O qeyd edib ki, işğaldan keçən 27 il ərzində rayon ərazisində ictimai binalar, yollar, körpülər, həmçinin tarixi və mədəni abidələr demək olar ki, bütünlüklə ciddi dağıntılara məruz qalıb. Qubadlı şəhəri və rayonun əksər kəndləri işğal edildiyi gündən erməni vandalları tərəfindən dağılıb və yandırılıb.

1993-cü il oktyabrın 14-də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qəbul etdiyi 874 saylı qətnaməyə əsasən erməni silahlı qüvvələri işğal etdikləri Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının ərazisindən geri çəkilməli, həmçinin hərbi əməliyyatları dayandırmalı və atəşkəs imzalanmalı idi. Lakin türk-müsəlman qanına susamış ermənilər bir sıra xarici dövlətlərin hərbi-siyasi və maliyyə dəstəyi sayəsində iyrənc əməllərindən əl çəkməyib, uzun illər Azərbaycan xalqına qarşı təxribatlar törətdilər. Qubadlı rayonu ərazisində yüzdən artıq tarixi və mədəni abidə erməni vandalları tərəfindən məhv edilib. Qubadlı Tarix-Diyarşünaslıq Muzeyində saxlanılan 5 mindən çox nadir eksponat talan edilib. Onlarla tarixi abidə dağıdılıb, yandırılıb, dini abidələr donuz tövləsinə çevrilib, bir sözlə mənfur ermənilər Qubadlı rayonu ərazisində Azərbaycan türkünün izini sübut edən nə varsa hamısını məhv etməyə çalışmışlar. Qubadlı rayonunun erməni işğalı altında olduğu dövrə aid video və foto görüntüləri bunu əyani olaraq bir daha sübut edir.

Qubadlı rayonunun qədim daş dövrünə aid abidələri içərisində Bərgüşad çayı sahilində yerləşən mağaranı, rayon mərkəzindən 20 kilometr şimalda yerli əhalinin pir adlandırdırdığı dini inanc yeri olan "Ağ kaha” və "Qara kaha” mağaralarını, Balahəsənli, Əliquluuşağı kəndlərində və Gavur dərəsində mağara məbədləri xüsusilə qeyd etmək olar. Tunc dövrünə aid abidələr içərisində isə Muradxanlı kəndində "Maltəpə” yaşayış məskənini, Teymur Müskanlı və Əliquluuşağı kəndləri ətrafında siklopik qalaları, kurqanları, Qalaça, Qız qalası, Koroğlu qalası, Qubadlı şəhərinin mərkəzində "Xırman yeri” təpəsi və digər tarixi yer-yurd məkanlarını göstərmək olar. Erməni işğalçıları tərəfindən Qarabağın digər tarixi və mədəni abidələri kimi, Qubadlının da tarixi abidələrinin bir çoxu hərbi məntəqə kimi istismar olunub və ya məhv edilib. Qubadlı şəhərinin mərkəzində xalq qəhrəmanları Qaçaq Nəbi və onun həyat yoldaşı olan kişi qeyrətli Həcər xanımın şərəfinə qoyulan xatirə abidələri rayon ərazisi işğal edildiyi ilk günlərdə dağıdılıb. Rayon ərazisində şəhidlərimizin xatirəsinə ucaldılan abidələrin hamısı yerlə-yeksan edilib.

Tarixçi alim diqqətə çatdırıb ki, Qubadlı rayonu ərazisində bölgənin yerli əhalisi olan Azərbaycan türklərinin əcdadları olan Oğuz türklərinə aid xeyli sayda qoç və at heykəlləri aşkarlanıb. Qubadlı şəhəri yaxınlığında bir çox qədim qalaların bu günədək gəlib çatmış qalıqları, Yazı düzündə, Əliquluuşağı kəndi yaxınlığında V əsrə aid Göy qala, həmçinin Muradxanlı kəndi ərazisində Qalalı istehkam kompleksi qədim türk boylarının yadelli hücumlarına qarşı igidcəsinə mübarizə aparmasının bariz nümunəsidir.

"Azərbaycan Ordusu tərəfindən Qubadlının azad ediləcəyi gün Zəngəzurun qapısını döydüyümüz gün olacaq. Həmin gün tariximizin yeni və daha bir şanlı səhifəsi yazılacaq. Qubadlının erməni işğalından azad edilməsi ölkəmizin iqtisadi qüdrətinə də müsbət təsir göstərəcək. Erməni işğalından azad edilməkdə olan digər tarixi torpaqlarımız kimi, Qubadlının da ərazisində zəngin təbii sərvətlər mövcuddur. Bu isə çox qısa zamanda respublikamızın sosial-iqtisadi inkişafına öz töhfəsini verəcək”, - deyə Ramin Əlizadə qeyd edib.

 
 
 
 
 
 
 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
Direktor: Ulduz Talıb oğlu
Telefon: (055) 219-23-96
E-mail: [email protected]
Ünvan: Yasamal rayonu Şəfayət Mehdiyev küçəsi 95

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.