Gündəm / Sosial

Kamran Əliyev: "Kənd təsərrüfatı texnikaları yola çıxarkən Dövlət Yol Polisi məlumatlandırılmalıdır"

Mayın 1-dən indiyə qədər kənd təsərrüfatı texnikalarının iştirakı ilə 13 hadisə olub, 10 nəfər ölüb, 22 nəfər yaralanıb. Təkcə bir hadisədə 6 nəfər həlak olub ". 

 
APA-nın məlumatına görə, bunu bu gün sərnişin və yükdaşıma sahəsində yeniliklər, problemlər və qarşıda duran vəzifələrə həsr edilmiş tədbirdə Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti şöbəsinin rəisi Kamran Əliyev bildirib. 
 
 
Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti şöbəsinin rəisi Kamran Əliyev kənd təsərrüfatı texnikalarının yollarda hərəkətinin təhlükəli olduğunu vurğulayıb: "Məsələn, arxasında kotan olan traktor gecə yolda hərəkət edərkən arxadan gələn maşın kotanı necə görə bilər? Yaxud kənd təsərrüfatı texnikalarının qoşquları ilə sərnişinlərin daşınması yolverilməzdir. Kənd təsərrüfatı texnikaları bir sahədən digərinə təbii ki, asfalt yolla gedir. Tutaq ki, bir kombayn yolla hərəkət edərkən yolun əksər hissəsini tutur.  Biz ona görə tövsiyə edirik ki, belə kənd təsərrüfatı texnikaları yola çıxarkən Dövlət Yol Polisi məlumatlandırılsın. Bir məqamı da deyim: dəfələrlə traktor idarə edən sürücülər sərxoş vəziyyətdə aşkarlanıb. Fikirləşirlər ki, traktoru kim saxlayacaq. Bu da qəzalara səbəb olur".
 
K. Əliyev bu gün minik avtomobilləri ilə kənd təsərrüfatı məhsullarının daşınmasına toxunub: "Rayonlarda səhər Bakıya çatmaq üçün gecə saat 1-də kənd təsərrüfatı məhsulları yüklənmiş minik avtomobilləri ilə yola çıxırlar. Günorta işləmiş bu insanlar yorğun olur və gecə yolla hərəkət edərkən onları yuxu aparır, bu da qəzalara səbəb olur"