Foto

Bakı Şəhər İcra Hakimiyyət və Dövlət Xəzinədarlıq agentliyinin şərikli oyunları


Adı Bakı Şəhər İcra Hakimiyyətinin keçirdiyi tenderlərinin qalibi kimi hallanan "tender kralı” Ramazan Mirzəyevlə bağlı yeni məlumat var.
Xeyli müddətdir ölkə mediasının gündəmindən düşməyən "tender kral”ı Ramazan Mirzəyevlə bağlı Realliqinfo.org saytına ilginc məlumat daxil olub. Həmin məlumatda "tender kral”ı Ramazan Mirzəyevin əsas şəriklərindən biri Bakı Şəhər İcra Başçısı Hacıbala Abutalıbovun olduğu bildirilir. Belə ki, uzun müddətdir Bakı Şəhər İcra Hakimiyyətinin keçirdiyi tenderlərin əsas qalibinin məhz Ramazan Mirzəyevə bağlı şirkətlərin olması saytımıza verilən məlumatı tam doğruldur.

Mediaya verilən məlumatda iddia edilir ki, Hacıbala Abutalıbovla Ramazan Mirzəyev 10 ilə yaxındır dövlət büdcəsindən ayrılan milyonlarla manat vəsaitləri müxtəlif işlərin görülməsi adı altında silərək mənimsəyiblər. 2009-2014 cü illərdə paytaxt meriyasına müxtəlif işlərin görülməsi adı altında üst-üstə 1 milyarda yaxın vəsait ayrılıb ki, bu fantastik məbləğin yuyulmasında məhz Hacı Ramazan Mirzəyevin böyük payı olduğu iddia edilir. Hacıbala Abutalıbovun "pulyuyan maşını” Ramazan Mirzəyev həm də Rabitə nazirliyinin sabiq aparat rəhbəri, hazırda dövlət əmlakını mənimsədiyinə görə həbsdə olan Vidadi Zeynalovun yaxın dostu, şəriki idi.

"Tender Kralı”nın Hacıbala Abutalıbovla "pul silmə” əməliyyatına toxunan mənbəmiz bildirir ki, bu maxinasiyalar hələ də davam edir. Buna misal olaraq Ramazan Mirzəyevin şirkəti olan "Məmmədoğulları” MMC ilə Bakı Şəhər İcra Hakimiyəti arasında bağlanan bir çox müştərək müqavilələri göstərmək olar. Hal-hazırda Bakı şəhər İcra Hakimiyyətinin bütün avtomobillərinin təmiri ilə "Məmmədoğulları” MMC məşğul olur. Yəni meriyanın balansında olan maşınların təmiri, yenidən qurulması üçün Ramazan Mirzəyevin şirkətinə hər il milyonlarla manat vəsaitlər köçürülür. Bundan başqa "Bakı Şəhər İcra Hakimiyyəti "Məmmədoğulları” MMC-dən müxtəlif işlərin görülməsi adı altında kirayə avtomobillər götürərək istifadə edir.
İnformasiya mənbəmiz qeyd edir ki, Bakı Şəhər İcra Hakimiyyətinin balansındakı avtomobillərin təmiri və müxtəlif maşınların meriyaya icarəyə verilməsi "tender kralı” ilə Hacıbala Abutalıbova külli miqadrada qazanc gətirir. Avtomobillərin təmiri və icarəsi işlərində qiymətlər bir neçə dəfə şişirdilərək dövlət büdcəsi talan edilir. Ancaq Hacıbala Abutalıbovla Ramazan Mirzəyevin Bakı meriyası hesabına pul qazanmaq əməliyyatları bununla bitmir.

Realliqinfo.org-a verilən məlumatda iddia edilir ki, paytaxt meriyasının balansında olan idarə və təşkilatların inzibati binalarının, parkların, səkilərin, təmirində istifadə edilən mal-matreallar "Məmmədoğulları”MMC-dən alınır. Həmin mal-matrealların qiymətləri ucuz olmasına baxmayaraq, dövlətə dəyərindən bir neçə dəfə baha satılır. Bundan başqa şəhər meriyasının təmir etdiyi bütün yolların asfaltının Ramazan Mirzəyevə məxsus zavoddan alındığı bildirilir. Mənbə şişirdilmiş mal-material əməliyyatlarında Hacıbala Abutalıbovla Ramazan Mirzəyev milyonlara xeyir əldə etdiyini iddia edir.

Qeyd edək ki, sabiq MT naziri Eldar Mahmudova yaxın münasibətdə olduğu iddia olunan Ramazan Mirzəyevin cari ildə Bakı Şəhər İcra Hakimiyyətinin tenderlərində adı ictimaiyyətə bəlli olmayan, yaxın ətrafının, dostlarının adına rəsmiləşdirilən şirkətlərlə iştirak edir. Ancaq bu heç də o demək deyil ki, "Məmmədoğulları MMC” tender maxinasiyalarından kənarda qalıb. Belə ki, mənbənin informasiyasına görə, "Məmmədoğulları” MMC-nin Mədəniyyət və Turizm Nazirliyi ilə də iri həcmdə tender müqavilələri var. "Məmmədoğulları” MMC 2017-ci ildə Mədəniyyət və Turizm nazirliyinin 9 Regional İdarəsinə bərk inventarların satın alınması üzrə keçirilən 417821 manatlıq tenderin "qalibi” olub.

Ramazan Mirzəyevin əsas adamlarından biri də Bakı Şəhər İcra Hakimiyyətində şöbə rəisi vəzifəsində çalışır. Həmin şöbə rəisi Ramazan Mirzəyevin bir sıra şirkətləri ilə bərabər, həm də onun Zirə qəsəbəsindəki pomidor parniklərini idarə edir. Məlumatda deyilir ki, o, iki il bundan əvvəl Ramazan Mirzəyevlə on milyonlarla dəyəri olan tenderdə birgə "qalib” olublar. Tenderdə "Sədərək bazarı” ətrafında ağır metal konstruksiyalardan 40-a yaxın fermalar yığılmalıdır. Ramazan Mirzəyevlə şöbə rəisi bu tenderdə qalib olsalar da, görüləcək işin hələ ki, maliyyə məsələlərinə görə, dayandığı deyilir.

Ramazan Mirzəyevin özünəməxsusluğu həm də ondan ibarətdir ki, o nəinki şəriklərini, hətta ən adi işçisini sadə zümrədən seçmir. Çalışır ki, onunla şərik olanların, onun tabeliyində çalışanların böyük vəzifələrdə qohum-əqrabası olsun. Elə şöbə rəislərini özünə şərik seçərkən də onun qudasının vəzifəsi mühüm amil olub. Bakı Şəhər İcra Hakimiyyət və Dövlət Xəzinədarlıq agentliyinin şərikli oyunları
Xatırladaq ki, bir müddət öncə hacı Ramazan Mirzəyevin şirkətində bir çox vəzifəli şəxslərin yaxın qohumlarının çalışdığı barədə informasiyalar yayılmışdı. Məlumatda qeyd olunurdu ki, Təhsil Nazirinin müavini Ceyhun Bayramovun əmisi oğlu Elməddin Bayramovun, Dövlət Xəzinədarlığı Agentliyinin 1 saylı Xəzinədarlıq İdarəsinin rəisi Nadir Qarayevin xalası oğlu İlqar adlı şəxsin, Hesablama Palatasının şöbə rəisi Firiş müəllimin əmisi oğlu Xəqani Abışovun Ramazan Mirəyevin şirkətində işlə təmin olunublar.

Qeyd edək ki, hacı Ramazan Mirzəyevin keçmiş MTN-nin işçisi olmuş kürəkəni Vüsal Xəlilova Həsən Əliyev küçəsində (keçmiş İnqilab küçəsi) yerləşən "Kontakt Home” mağazasının və "Emiliana Parati” oboy evinin binasını hədiyyə etdiyi deyilir.

Məlumata görə Ramazan Mirzəyev tender əməliyyatlarından qazandığı 100 milyonlarla pulu ölkədən çıxardaraq Türkiyədə elektrik avadanlığı zavodu inşa edib. Həmin zavoda onun oğlu,Türkiyədə yaşayan Nicat Mirzəyev rəhbərlik edir. Həmçinin Nicat Mirzəyevin Türkiyənin Zeytunburnu adlanan ərazisində 2 milyon dollara malikanə aldığı deyilir.

Xatırladaq ki, bir müddət öncə hacı Ramazan Mirzəyevin adı bir sıra xeyriyyə işlərində hallanmağa başladı. Hətta onun rayonda bir şəhidin ailəsinə ev tikib hədiyyə etdiyi deyilirdi. Sonradan Ramazan Mirzəyev nədənsə xeyriyyə "aksiyalarını” dayandırdı.

Məlumata görə, buna səbəb hacı Ramazan Mirzəyevin hədəfə gələ biləcəyindən ehtiyat etməsi olub.

Yaxınları da ona məsləhət görüblər ki, daha bu cür xeyriyyə işlərini dayandırsın.



Bakı Şəhər İcra Hakimiyyət və Dövlət Xəzinədarlıq agentliyinin şərikli oyunları