Dünya / Səhiyyə

ÜST-ün nümayəndəsi Hande Harmancı hazırkı vəziyyətdən DANIŞDI

ÜST-ün nümayəndəsi Hande Harmancı hazırkı vəziyyətdən DANIŞDI

Ümumdünya Səhiyyə (ÜST) Təşkilatı koronavirusla mübarizədə Vyetnamı digər ölkələrə nümunə göstərib. ÜST nümayəndəsi bildirib ki, Vyetnam bu məsələdə böyük təcrübəyə sahibdir.

Daha əvvəl ÜST Azərbaycanı da koronavirusa qarşı mübarizədə nümunəvi ölkələr sırasında qeyd edib. Bu günə qədər bir sıra ölkələrin müsbət təcrübələri nümunə kimi qeyd olunub.
Azərbaycanın müvafiq qurumları dünya ölkələrinin koronavirusla mübarizədə müsbət təcrübələrindən hansı formada yararlanır?

Koronavirusla mübarizədə qabaqcıl dünya ölkələrinin hansı təcrübələrindən yararlanmaq olar?

Koronavirusla mübarizədə effektiv nəticələr üçün hansı xarici ölkə təcrübəsindən bu günə qədər istifadə olunub və müsbət nəticə əldə olunub?

Bununla bağlı Sonxeber.az-a Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Dr Hande Harmancı danışıb:

"COVID-19-un ictimai səhiyyə sahəsində beynəlxalq əhəmiyyətli fövqəladə vəziyyət elan olunmasından artıq 7 ay keçir. Bu müddət ərzində dünyada bütün ölkələr bu xəstəliklə mübarizədə bir sıra təcrübələr əldə etmişdir. Bu ölkələr tərəfindən tətbiq olunan fiziki məsafə, əl gigiyenası və maskalardan istifadə də daxil olmaqla respirator gigiyena kimi ictimai səhiyyə tədbirlərinin virusa yoluxma və ölüm hallarının azaldılmasına müsbət təsiri olmuşdur. Demək olar ki, hər ölkədə bu təsir özünü iki yolla göstərir:

Tədbirlərin tətbiq olunduğu zaman yoluxma halları azalır, yumşalma tədbirləri zamanı isə rəqəmlərdə yüksəlmə müşahidə olunur. Bu halda Azərbaycan da daxil olmaqla bütün ölkələr üçün digər ölkələrin hansı tədbirləri görərək uğur qazanması və ya uğursuz olması maraqlıdır. Biz bilirik ki, Azərbaycan pandemiyanın başlanğıcından Türkiyə ilə sıx əlaqədədədir. Bu yaxınlarda isə Kuba, İtaliya, Türkiyə və Rusiyadan həkim və tibb bacıları ölkəyə gəlmişdir. Bundan əlavə, Azərbaycan tətbiq olunan tədbirləri daha yaxşı anlamaq üçün bir neçə ölkə ilə virtual konfranslar keçirmişdir. ÜST-nin ölkə ofisi olaraq biz Azərbaycan, Moldova və Slovakiya arasında bəzi texniki müzakirələrin aparılmasını daha da asanlaşdırmışıq və hər bir ölkənin ÜST-nin təlimatlarını və cari vəziyyətlə əlaqədar əldə olunan sübutları tətbiq etməsi üçün bunu gələcəkdə də davam etdirəcəyik. Bir ölkədə asanlıqla tətbiq olunan tədbir digər ölkə üçün məqbul olmaya bilər".

(Big.az)