Dünya

ABŞ və Kanadada məscidlərdə yenidən cümə namazları qılınıb

Aylar sonra dünyanın bir sıra ölkələrində olduğu kimi ABŞ və Kanadanın ştatlarında da məscidlərdə ilk cümə namazı qılınıb.
Kanal14.az xarici KİV-ə istinadən xəbər verir ki, həmin məscidlərin koronavirus epidemiyası ilə mübarizə çərçivəsində istifadəsi dayandırılıb. ABŞ-da COVID-19-dan ən çox təsirlənən ikinci ştat Nyu-Cersi olduğu üçün mart ayının ikinci həftəsindən etibarən məscidlərin istifadəsinə qadağa qoyulub. Tinek qəsəbəsində yerləşən "Darül İslah” məscidində uzun müddətdən sonra ilk dəfə cümə namazı qılınıb. Məscidlərə ibadət üçün gələnlərə dini təşkilatlar tərəfindən əvvəlcədən qoyulan qadağa və qaydalara tam əməl olunub. Qaydalara görə namaz üçün səf  tutanlar sosial məsafə aralığına diqqət edib. İbadət üçün məscidlərə üz tutanlar maska taxıblar və səccadələrini ayaqqabılarını qoyacaqları çantaları özləri ilə gətiriblər. Həmişəkindən fərqli olaraq məscidə gələnlər çıxış vaxtı bir-birləri ilə qucaqlaşaraq görüşməyiblər. 14 yaşdan aşağı və 70 yaşdan yuxarı yaşda insanların məscidə gəlməsinə izin verilməyib. Bundan əlavə son 30 gün ərzində COVID-19 testi müsbət çıxanlar da məscidə gəlməyib.
Kanadanın Hamilton şəhərindəki "Mountain” məscidində də uzun vaxtdan sonra ilk dəfə cümə namazı qılınıb. Hamilton Müslümanlar İctimai Birliyinin başçısı Cavid Mirzə açıqlamasında insanları qaydalara əməl etməyə dəvət edərək qeyd edib ki, ibadət üçün gəlmək istəyənlər siyahıya alınıb. 2 min nəfərlik məscidə cəmi 400 nəfərin gəlməsinə icazə verilib. Bu səbəbdən namaz 3 dəfəyə qılınıb. Birliyin başçısı həmçinin bildirib ki, məscidlər cümə namazları ilə yanaşı 5 vaxt namaz üçün də istifadəyə verilib.