Dünya

Gül-Davudoğlu-Babacan ittifaqı Ərdoğanı DEVİRƏ BİLƏRMİ?


"Əlbəttə, Türkiyə siyasi tarixinin ən güclü liderlərindən biri hesab olunan prezident Ərdoğanın da qarşı addımları var”

Картинки по запросу siyasi ekspert Cavid Vəliyev

Beləliklə, mövzu ilə bağlı "Hürriyyət”ə açıqlama verən siyasi ekspert Cavid Vəliyev bildirdi ki, Türkiyədə yeni partiya qurma haqqında keçən ildən başlayan müzakirələr İstanbul seçkilərindən sonra Türkiyə mətbuatında daha çox müzakirə olunmağa başladı: "Burda 2 ayrı partiyanın qurulma ehtimalından söhbət gedir. Biri Əli Babacan, digəri isə Əhməd Davudoğlu tərəfindən. Bu, prezident Ərdoğanın da gündəliyində olan bir məsələdir və yenə türk mətbuatının iddialarına görə, Ərdoğanla Babacan arasında bu barədə söhbət may ayında keçirilən görüşdə olub. Yeni partiya qurma söhbətlərinin bu dövrdə ortaya çıxması təsadüf deyil. Bunun bir neçə səbəbi ola bilər. Birincisi, baxmayaraq ki, 31 mart bələdiyyə seçkilərində ümumi səs sayı fərqində hakimiyyət qalib gəldi, İstanbul bələdiyyə seçkilərində isə müxalifət qalib gəlib. İkincisi isə Türkiyənin iqtisadi vəziyyəti. Yeni partiya quranlar bu vəziyyətdən istifadə edərək özlərinə dəstək əldə etməyə çalışırlar. Əlbəttə, Türkiyə siyasi tarixinin ən güclü liderlərindən biri hesab olunan prezident Ərdoğanın da qarşı addımları var. Bunlardan ilki əlbəttə, partiya qurmaq istəyənlərin AKP daxilində fəaliyyətlərini davam etdirmələrini təmin etməkdir. Çünki bu şəxslər bir zamanlar Ərdoğanla AKP-ni quran şəxslərdir”.

Əli Babacan və Əhməd Davudoğlunun hazırda AKP-nin millət vəkilləri olduqlarını qeyd edən Cavid Vəliyevin sözlərinə görə, Ərdoğanın onlarla təkbətək görüşləri olub: "Bu şəxslər bir zamanlar AKP-dən baş nazir, dövlət naziri, hətta prezident olmuşlar. Bu çərçivədə düşünürəm ki, həm Əli Babacanla, həm də Əhməd Davudoğlu ilə təkbətək görüşləri olub. Bu görüşlərin nəticəsi barədə sadəcə iddialar var. Yəni tərəflərdən heç biri nəticə barədə məlumat verməyib. İkincisi isə Ərdoğan Türkiyə Böyük Millət Məclisi keçmiş sədrlərindən meydana gələn yeni bir institut yaratdı ki, cəmiyyətdə olan problemlər haqqında bu keçmiş sədrlərlə müzakirələr aparsın. Bundan başqa, əlbəttə Türkiyə ictimaiyyətini narahat edən bəzi məsələlərdə də qarşı tədbirlər alınır. Xarici siyasət də bu sahəni əhatə edir və G-20 zirvəsində ABŞ prezidenti Donald Trampla keçirilən görüş müsbət nəticə yaratmışdır. Eyni zamanda, Qərbin təzyiqlərinə baxmayaraq, gələn həftə Rusiyadan "S-400″ raket sisteminin gəlməsi də mübət qiymətləndirilir”.

"AKP-dən yeni yaradılacaq partiyaya keçidin olması gözləniləndir və bu, istisna edilmir”

Картинки по запросу Zaur Məmmədov

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov isə hesab edir ki, əgər Abdullah Gül, Əhməd Davudoğlu və Əli Babacan siyasi partiya yaradacaqlarsa, o zaman bu, AKP sıralarından bir sıra şəxslərin kütləvi şəkildə yeni partiyaya keçmələrinə səbəb olacaq: "Təbii ki, hazırda AKP-də öz mövqelərindən məmnun olmayan və daha yüksək vəzifə gözləyən şəxslər var. Bununla yanaşı, onu da qeyd etmək lazımdır ki, Abdullah Gül, Əhməd Davudoğlu və Əli Babacan uzun illər idi ki, AKP-dəydilər. Bu səbəbdən də şübhəsiz ki, onların AKP daxilində hansısa qruplarla müəyyən münasibətləri var. Buna görə də AKP-dən yeni yaradılacaq partiyaya keçidin olması gözləniləndir və bu, istisna edilmir. Lakin şəxsən mən yeni yaradılacaq siyasi təşkilatın AKP-dən daha uğurlu partiya olacağını gözləmirəm. Düşünmürəm ki, Türkiyə elektoratı yeni yaradılacaq partiyaya böyük simpatiya bəsləyəcək. Sözsüz ki, AKP sıralarından gedənlərin olması onun üçün yaxşı hal olmasa da, ümumilikdə bu, hakim partiyanın durumuna çox da böyük təsir göstərməyəcək”.

"Bu gün Türkiyə prezidentinin əsas rəqibi İstanbulun yeni seçilən bələdiyyə başqanı Əkrəm İmamoğludur”

Hazırda Rəcəb Tayyib Ərdoğanın nüfuzunun Abdullah Gül, Əhməd Davudoğlu və Əli Babacandan daha yüksək olduğunu vurğulayan politoloqun fikrincə, bu gün Türkiyə prezidentinin əsas rəqibi İstanbulun yeni seçilən bələdiyyə başqanı Əkrəm İmamoğludur:"Ümumiyyətlə, Əkrəm İmamoğlu təkcə AKP-nin deyil, həm də CHP başqanı Kamal Kılıcdaroğlunun əsas rəqibi hesab olunur. Təbii ki, bizim üçün güclü, müstəqil siyasət yeridən Türkiyənin olması əsasdır. Son zamanlar Türkiyənin regional gücünün artması, onun hərbi cəhətdən daha güclü ölkəyə çevrilməsi bizi sevindirməyə bilməz”.

"Artıq hakim iqtidar partiyası olan AKP-nin parçalanmasına yol açacaq bir proses başlayır”

Картинки по запросу Məhəmməd Əsədullazadə

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə isə bu qənaətdədir ki, 31 mart bələdiyyə seçkilərindən sonra Türkiyə siyasətində qütbləşmə baş verib: "Yəni artıq hakim iqtidar partiyası olan AKP-nin parçalanmasına yol açacaq bir proses başlayır. Çünki uzun illər AKP-nin sıralarında olan Abdullah Gül, Əhməd Davudoğlu və Əli Babacan artıq partiyadan ayrılıb yeni siyasi təşkilat yaradaraq hakimiyyət uğrunda mübarizəyə başlamaq istəyirlər. Burada əsas plan Rəcəb Tayyib Ərdoğanı hakimiyyətdən salmaq və öz siyasi aktivlərini qurmaqdır. Hesab edirəm ki, bununla bağlı Qərbin də mühüm layihəsi var. Çünki Qərb dövlətləri Ərdoğanın hakimiyyətdən getməsində maraqlıdır. Odur ki, onlar AKP-nin parçalanması üçün müəyyən cəhdlər də bulunacaq”.

"Ola bilər ki, AKP növbəti seçkilərdə qalib gəlməsin”

Abdullah Gül, Əhməd Davudoğlu və Əli Babacanın Qərbə qarşı daha loyal münasibət sərgilədiyini deyən politoloqun fikrincə, artıq onlar Ərdoğanın siyasətinə qarşı Qərbə müəyyən anlaşmaya gediblər: "Belə ki, onlar Qərbə qarşılıqlı müstəvidə əlaqələrə daha çox üstünlük verirlər. Lakin proseslər elə bir səviyyədədir ki, hazırda Ərdoğanın da böyük elektoratı var. Odur ki, Abdullah Gül, Əhməd Davudoğlu və Əli Babacanın yeni partiya yaradıb birlikdə hakimiyyətə gəlmə şansları bir qədər zəifdir. Çünki ortada CHP və Əkrəm İmamoğlu faktoru da var. Bunları nəzərə alaraq, hesab edirəm ki, Ərdoğana qarşı birləşən Gül, Davudoğlu və Babacan ittifaqı elə də ciddi uğur qazanmayacaq. Çünki Türkiyə cəmiyyəti bu ittifaqa etimad göstərməyəcək, ona səs verməyəcək. Bunun əksinə olaraq, hazırda CHP-nin elektoratı getdikcə daha da genişlənir. Biz bunu bələdiyyə seçkilərində də gördük. Amma bütün bunlara rəğmən, onu da vurğulamaq lazımdır ki, Anadoluda hələ də Ərdoğanın təsirli reytinqi var. Ümumiyyətlə, hazırda yaşanan proseslər 2023-cü ilə hesablanıb. Hesab edirəm ki, AKP-ni yalnız Gül, Davudoğlu və Babacan ittifaqı parmalaya bilər. Bununla da ola bilər ki, AKP növbəti seçkilərdə qalib gəlməsin. Bu zaman əsas səslər CHP tərəfinə keçə bilər”.