Cəmiyyət / Sosial

Tofiq Yaqublu səkkizinci gündür aclıq edir -“səhhəti yaxşı deyil”

 
Tofiq Yaqublunun səhhətində problemlər yaranıb
Vəkilin sözlərinə görə, Yaqublu səkkizinci gündür aclıq etməsinə baxmayaraq, hələ də təcridxananın sanitar-tibb hissəsinə yerləşdirilməyib.

"Təcridxana həkimləri Yaqublunu müayinə edir. Amma biz müraciət etmişik ki, tibb elmləri doktoru Adil Qeybulla mütəmadi olaraq onu müayinə etsin. Müraciətimizə hələ cavab verilməyib. Bu barədə ombudsmana da müraciət etmişik,” o qeyd edib.

Tofiq Yaqublu aclığı davam etdirməkdə israrlıdır.

"Tofiq Yaqublu ədalətsizlik aradan qaldırılıb, ədalət bərpa edilənədək aclığı davam etdirəcəyini bildirdi. Təcridxananın rəhbərliyi qida qəbul etməsini tövsiyyə etsə də o qəbul etməyib,” vəkil Tofiq Yaqublunun bu bəyanatını ictimaiyyətə çatdırmasını xahiş etdiyini bildirib.

Sadıqov hökumətin aclıq aksiyasına hələ reaksiya vermədiyini deyib.

Onun sözləırinə görə, Yaqublunun telefonla danışıqlarına məhdudiyyət qoyulub, telefonla danışmasına imkan verilmir.

"Tofiq Yaqublu ailəsinin ondan nigaran olmasından narahatdır. Bu gün yenə də onun telefon danışığına icazə verməyiblər,” vəkil qeyd edib.

Vəkil onun Tofiq Yaqublu ilə görüşünə mane yaradıldığını da bildirib.

"Başqa vəkillər sənədlərini təqdim edən kimi müdafiə etdiyi şəxslərlə görüşə buraxılır. Amma mən sənədimi təqdim etdikdən sonra azı yarım saat gözləməli oluram. Təcridxana rəhbərliyi yəqin ki, kimlərləsə məsləhətləşmə aparandan sonra görüşə icazə verilir,” o qeyd edib.

Sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsi hakim Nəriman Mehdiyevin sədrliyi ilə Milli Şuranın və Müsavat Partiyasının üzvü, prezident İlham Əliyevin sərt tənqidçilərindən olan Tofiq Yaqublunun 4 il 3 ay həbsə məhkum edilməsi barədə hökm çıxarıb.

Penitensiar Xidmətdən vəkilin dediklərinə münasibət almaq mümkün olmayıb.

Bu il martın 22-də Tofiq Yaqublunun park edilmiş avtomobilini başqa avtomobil vurub.

Bakının Nizami rayon Polis İdarəsində Yaqubluya qarşı cinayət işi qaldırılıb.

Sentyabrın 2-də Tofiq Yaqublu son sözündə məhkəmə və hakimiyyəti ittihamı saxtalaşdırmaqda və siyasi sifarişdə ittiham edib. Yaqublu məhkəmədə həbsinə etiraz olaraq aclıq aksiyasına başladığı bildirib.

Yaqublu ilk dəfə 2013-cü ildə İsmayıllıda iğtişaşların təşkilində ittiham olunaraq həbs edilib. 2019-cü ilin oktyabrında icazəsiz aksiyada iştirakına görə inzibati qaydada həbsə məhkum edilib.
(Gundemxeber.az)