Cəmiyyət

Karantinə əməl etməyən restoran və kafelər aşkarlandı

Paytaxtın Sabunçu rayonunda xüsusi karantin rejim qaydalarına​ əməl etməyən, müəyyən olunan vaxtdan kənar, sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan restoran və kafelər aşkarlanıb.​

Kanal14.az bildirir ki, Sabunçu Rayon Polis İdarəsi, 13-cü və 15-ci Polis Bölmələrinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə müəyyən olunan vaxtdan kənar, Bakıxanov qəsəbəsindəki bir restoranın qapalı zallarında 30 nəfər, Zabrat qəsəbəsindəki iki kafedə isə 8 nəfər müəyyən olunub.

Əsasən restoran və kafelərin qapalı zal və kabinetlərində sanitar-epidemioloji normalarını pozan 38 nəfər müvafiq polis idarəsinə dəvət olunaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə hər biri barəsində protokol tərtib olunub.

Mövcud qayda və tələblərlə bağlı sahibkarlıq subyektlərinin rəhbərləri və xidmət personalları zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji normalarla bağlı məlumatlandırılıb.

İctimai iaşə sektorunda açıq hava sahələrində müştərilərə xidmətlərin həyata keçirilməsi zamanı epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət davam etdirilir.

(Axar.az)