Cəmiyyət / Sosial

Brifinq: Virus bizimlədir, aramızdadır

Karantin rejiminin yumşaldılması mərhələli şəkildə həyata keçirilir. Bu yumşalmalar dünya təcrübəsinə uyğundur.

Kanal14.az Axar.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

"Mərhələli şəkildə yumşalmalar riskləri azaldır. Məhz bu səbəbdən addım-addım açılamalara gedəcəyik. Bəli, yumşalmalar zamanı yoluxmaların artması mümkündür. Bizim qarşımızda duran ən vacib məsələ virusun yoluxma sürətinin azaldılmasıdır", - o bildirib.

Şahmar Mövsümov qeyd edib ki, bu gün əsas qayda karantin rejiminin ən sadə tələblərinə riayət etməkdir:

"Bu, çox vacib məsələdir və hər birimizdən asılıdır. Digər istiqamət isə həmin tələbələrə nəzarətin həyata keçirilməsidir. Bunun yükü dövlətin üzərinə düşür və çox ciddi addımlar atılacaqdır. Bu gün Baş nazir tərəfindən bununla bağlı iclas keçiriləcək. Başqa diqqət yetirilən məqam isə yoluxmaların erkən aşkarlanması və yoluxanın vaxtında təcrid olunmasıdır. Bu üç istiqamətdən ən önəmlisi və ən çox sürətə təsir edən amil birincidir. Hər birimiz qaydalara riayət etsək, virusun yayılma sürəti azalacaqdır. Əks halda yenidən bağlanmaları getməli olacağıq".

Onun sözlərinə görə, təəssüf ki, əksər insanlar bu bağlanmaları başqa istiqamətə yönəldir:

"Bəzilər virusun olmadığını, başqa ölkələrdə karantin rejiminin tətbiq olunmadığını deyir. Heç yerdə virusa qalib gəlinməyib. Virus bizimlədir, aramızdadır. Biz karantin rejimi nəticəsində böyük əziyyətlə yoluxmaların azalmasına nail olmuşuq. Ölkə başçısının da qeyd etdiyi kimi, əziyyətlə əldə etdiyimizi itirməyək".