Cəmiyyət

STM Neftçaladakı vəziyyətlə bağlı ictimai rəyi öyrəndi

Sosial Tədqiqatlar Mərkəzi tərəfindən Neftçala rayonunda əhalinin su ilə təminat vəziyyətinə dair ictimai rəy sorğusu keçirilib.

Mərkəzin Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə ictimai rəy sorğusu 407 ev təsərrüfatı ilə keçirilib və Neftçala şəhəri ilə yanaşı ətraf kəndləri əhatə edib. Sorğu iştirakçılarının 91.7%-i son aylar ərzində içməli su ilə təminatda, onlardan 45%-i həmçinin suvarma suyu ilə təminatda çətinlik çəkdiklərini bildiriblər (təkcə suvarma suyundan çətinlik çəkənlər 3.9% olub). Su təminatında heç bir çətinliklə qarşılaşmadığını cəmi 4.4% respondent bildirib. Sorğu iştirakçılarının əksəriyyəti (79.6%-i) mövcud problemlə son 3 ay ərzində qarşılaşdığını bəyan edib.

Sorğu iştirakçılarının 83.5%-i hazırda içməli suyu aidiyyəti qurumlar tərəfindən təşkil olunan xüsusi texnikalar (su daşıyan maşınlar) vasitəsilə əldə etdiklərini, 10%-i quyu suyundan faydalandığını bildirib. Digərləri bulaq suyundan istifadə edənlər və içməli suyu satın alanlardan ibarət olub. Sorğuda iştirak edənlərin 78%-i hazırkı su təminatının onları qane etdiyini (27.1% tam, 50.9% əsasən qane edir) , 22%-i isə qane etmədiyini bəyan edib (10.2% "əsasən təmin etmir”, 11.8% "heç qane etmir”).

Respondentlər arasında mövcud problemin həllini yeni su kəmərlərinin çəkilməsində (56.3%-i), yeni artezian quyularının qazılmasında (21.4%-i), insanların sudan istifadə ilə bağlı vərdişlərinin dəyişdirilməsində (20.1%-i) görənlər ilk üç sırada qərarlaşıb.

Sorğu iştirakçılarının təqribən yarısının (48.9%-nin) rəyinə görə, Prezidentin sözügedən müşavirədəki çıxışından sonra aidiyyəti qurumlar problemin həllinə diqqətlə yanaşmağa başlayıb. 10.9% respondent bu sahənin hələ də diqqətdən kənar saxlanıldığı mövqeyini bölüşüb, 40.2% respondent isə problemin sözügedən çıxışdan əvvəl də aidiyyəti qurumların diqqətində olduğunu bildirib.