kanal14.az
kanal14.az

“Sosial şəbəkələrlə bağlı hüquqi bazanı özümüz yarada bilərik”

“Sosial şəbəkələrlə bağlı hüquqi bazanı özümüz yarada bilərik”
30-07-2020, 17:56 51 dəfə baxılıb

 

"1 iyun tarixində Milli Məclisin plenar iclasında sosial şəbəkələrin hüquqi tənzimlənməsi, sosial şəbəkələrdə törədilən cinayətlərə qarşı mübarizə aparılmasının vacibliyi və bu sahədə dünya üçün tam yeni olan bir təcrübənin, Almaniya təcrübəsinin formalaşması barədə 3 dəqiqəlik çıxış etmişdim. Vaxt məhdudiyyəti olduğu üçün tam ətraflı məlumat verə bilmədim".

Kanal14.az "Qafqazinfo"a istinadən xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Nurlan Həsənov deyib. Deputat bildirib ki, o zaman bir çox insan bunun Azərbaycanda reallaşdırılmasının mümkün olmadığını düşünüb:

"Onlar yanılsa da, bunu o zaman anlamaq olardı. Etdiyim çıxışdan 2 gün sonra Avropa İttifaqının Komissiyası sosial şəbəkələrlə bağlı qanunvericiliyin yenilənməsinə ehtiyac duyulduğunu və 2020-ci il sentyabr ayınadək bu mövzuda açıq müzakirələrin aparılacağını açıqladı. Yəni hər kəs sosial şəbəkələrlə bağlı təklif və düşüncələrini Avropa Komissiyasına yazılı şəkildə çatdıra bilər.

 

Şəxsi fikrim odur ki, yaxın gələcəkdə sosial şəbəkələrin hüquqi tənzimlənməsi ilə bağlı bütün Avropa İttifaqı ölkələrində, məhz Almaniyada olduğu kimi hüquqi və texniki tənzimlənmə mexanizmləri inkişaf etdiriləcək. Çünki "Facebook&Co." anlayır və bilir ki, Avropa İttifaqı ölkələrinə qarşı ikili standartlar tətbiq edə bilməz. Almaniya ilə razılaşdırdığı və qəbul etdiyi şərtləri digər Aİ ölkələrinə qarşı qəbul etməyə bilməz. Bu, mümkün deyil. Ona görə də çox yaxında bütün Aİ ölkələrində sosial şəbəkələrin hüquqi və texniki tənzimlənmə mexanizmləri yaradılacaq. Sosial şəbəkələrdə ağır cinayət törədən hər kəs identifikləşdirilə və məsuliyyətə cəlb edilə biləcək. Cinayətkarlığın qarşısı alınacaq".

N.Həsənov xatırladıb ki, Türkiyə parlamenti sosial şəbəkələrin hüquqi tənzimlənməsi ilə bağlı yeni qanun qəbul edib:

"Məzmun olaraq hələlik tam tanış ola bilməsəm də, oxuduğum ilkin məlumatlara əsasən deyə bilərəm ki, Almaniya təcrübəsi ilə oxşarlıqlar çoxdur. Məsələn, sosial şəbəkə operatorlarının məsuliyyətə cəlb edilməsi, ölkədə sosial şəbəkə operatorunun məsul nümayəndəsinin olması, hesabat təqdim edilmə öhdəliyi, bəzi cinayət tərkibli paylaşımların 48 saat içində silinmə öhdəliyi və.s. Almaniyada olduğu kimi sosial şəbəkə operatorları, xüsusi ağırlaşdırıcı hallarda cinayətkarın fərdi məlumatlarını, email və şifrəsini Türkiyə hüquq-mühafizə orqanlarına təqdim edəcəkmi, hələlik bilmirəm. Bunun üçün "Facebook&Co." ilə Türkiyə arasında razılaşma olmalıdır.

Ümumilikdə, bu qanunların məqsədi eynidir: sosial şəbəkələrdə törədilən cinayətlərə qarşı effektiv hüquqi və texniki mübarizə mexanizmlərinin yaradılması. Hüquqi bazanı özümüz yarada bilərik, bunun üçün dünya təcrübəsi var, özümüzdən Amerika kəşf etməyə də ehtiyac yoxdur. Texniki baxımdan qanunun işləkliyini təmin etmək üçün isə "Facebook&Co." ilə əməkdaşlıq olmadan heç nə mümkün olmayacaq. Bu hüquqi tənzimlənmə ölkəmizdə (funksionallığı təmin edilmək şərti ilə) sosial şəbəkələrdə söyüş, təhqir, zorakılıq, hədə-qorxu gəlmə, cinayətkar qruplaşma yaratmaq, cinayətə təşviq, terrora, dövlət çevrilişinə, üsyana çağırış və.s. kimi cinayətlərin qarşısının alınmasına, ölkəmizdədə ciddi problemə çevrilən siyasi müzakirələrin müəyyən etik qaydalar çərçivəsində aparılmasına, bir sözlə, sosial şəbəkələrdə insanları daha məsuliyyətli olmağa şərait yaradacaq".







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA