Cəmiyyət / Sosial

Ədalət Vəliyev daha bir sədrlə görüşdü

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev və Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov arasında görüş keçirilib.

Kanal14.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Demokratik Azərbaycan Dünyası Partiyasının Mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı düşmən ölkənin təxribatı nəticəsində son günlər Azərbaycan-Ermənistan sərhədində yaşanan gərginlik, ölkəmizdə koronavirus pandemiyasına qarşı aparılan preventiv tədbirlər, siyasi partiyaların karantin şəraitində fəaliyyəti və yeni siyasi konfiqurasiyanın formalaşmasından bəhs edilib.

Ədalət Vəliyev və Əlisahib Hüseynov ölkədə formalaşmaqda olan yeni siyasi konfiqurasiyada müxalifət və iqtidaryönümlü partiyaların yeri və rolu haqda geniş fikir mübadiləsi aparıblar. Tərəflər, həmçinin Ermənistan silahlı qüvvələrinin dövlət sərhədimizin Tovuz rayonu istiqamətində təxribat törətməsi nəticəsində yaranan gərginlik barədə də danışıblar.

DADP sədri Birinci Qarabağ müharibəsinin iştirakçısı kimi Ali Baş Komandanın əmri ilə hər an döyüşə getməyə hazır olduğunu diqqətə çatdırıb.

Şöbə müdiri də, partiya sədri də bu formatda görüşlərin bundan sonra da davam etdirilməsinin, ölkə həyatına dair aktual mövzuların siyasi partiyalarla birgə müzakirəsinin faydalı olacağını qeyd ediblər.