Cəmiyyət

O verilişlərə baxmırlar, çünki tənqid yoxdur... - Deputat

Milli Məclisin iclasları yaxşı olardı ki, televiziyalarda yayımlansın və seçicilər canlı şəkildə burada səsləndirilən fikirləri görsünlər.

Kanal14.az Axar.az-a istinadən xəbər verir ki, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin plenar iclasında deyib.

Millət vəkili qeyd edib ki, belə olarsa, insanlar onların problemlərinin danışıldığı başqa auditoriya axtarmayacaqlar:

"Görəcəklər ki, onların problemlərindən özlərinin seçdikləri millət vəkilləri danışırlar və həmin problemlər millət vəkillərini də narahat edir. Məsələn, bugünkü iclası götürək. Burada kifayət qədər problemlərdən danışıldı. Görülmüş işlər barədə minnətdarlıq hissi ilə nələrsə qeyd olundu. Milli Məclisin iclasları televiziya ilə yayımlanmalıdır ki, seçicilər görsünlər. Ötən dəfə burada danışırdıq ki, koronavirusla bağlı televiziyalarda yaxşı təbliğat aparılmır və haqlı olaraq qeyd edildi ki, yox, aparılır. Amma çox təəssüf ki, o televiziyalara çox az sayda insan baxır. İnsanlar televiziyaları açanda orada nəyi görürlər? Bir tok şoudursa, yaxud siyasi əhəmiyyətli söhbət gedirsə, bilirlər ki, yalnız hökumətin təriflənməsindən danışıla bilər, hər hansı tənqidi fikirlər gedə bilməz. Onlar onsuz da görülən işləri bilirlər, ona görə də o tipli verilişləri izləmək çox da maraqlı olmur. Ona görə də ya şou proqramlara baxırlar, ya da kanalı dərhal dəyişirlər”.

Millət vəkili deyib ki, Milli Məclisin, dünyanın hər yerində olduğu kimi, öz televiziyası olmalıdır:

"Qapalı iclaslar istisna olmaqla, iclaslar canlı yayımla verilməldir və təkrar nümayiş olunmalıdır. Qonşu Türkiyə və başqa ölkələrdə olduğu kimi”.