Cəmiyyət

BŞİH "Zeytunluq"da qanunsuz zəbt olunmuş 16 torpaq sahəsinin hasarlarını söküb

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşlardan daxil olmuş çoxsaylı müraciətlər əsasında yaradılmış xüsusi Komissiya tərəfindən Binəqədi rayonu 6-cı mikrorayon ərazisindəki "Zeytunluq" adlanan ərazidə, Heydər Məscidinin yaxınlığında araşdırmalar aparıb və yaşıllıq ərazisində bəzi işbazlar tərəfindən qeyri-qanuni olaraq ərazinin zəbt olunaraq hasarlanması, müxtəlif şəxslərə satılması və bəzi yerlərdə mövcud zeytun ağaclarının kəsilməsı, yaşıllıqların məhv edilməsi faktları üzə çıxarılib.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, Binəqədi Rayon İcra Hakimiyyəti ilə birgə texnika və işçi qüvvəsi cəlb olunmaqla ümumilikdə 3 ha sahədə müxtəlif şəxslər tərəfindən qanunsuz zəbt olunmuş 16 torpaq sahəsinin hasarları sökülüb, ərazi tikinti materialları və tullantılardan təmizlənib. Bu ərazidə yeni ağacların əkilərək yaşıllıqların bərpa olunması ilə bağlı işlərə başlanıb.

 

Park ərazisinin qanunsuz olaraq hasarlanması və yaşıllıqların məhv edilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq.