Rəfiqəsini öldürəndən sonra doğrayan qadının məhkəməsi başladı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rəfiqəsini qətlə yetirməkdə təqsirləndirilən İrina Qorlovanın cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
kanal14.az
APA-ya istinadən xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.İttihama münasibət bildirən İ. Qorlova özünü qismən təqsirli bilib.
O deyib ki, rəfiqəsini tamah niyyəti ilə öldürmək məqsədi olmayıb.
Proses avqustun 13-də davam etdiriləcək.
Qeyd edək ki, bu il fevralın 16-da səhər saatlarında Binəqədi rayonu, Azadlıq prospektində zibil qutularından birində insan əzalarının tapılması barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.
Məlumat əsasında hadisə yerinə baxış keçirilərkən doğranmış meyitin qadın cinsinə aid olduğu müəyyən edilib. Qətlə yetirilən qadın təqribən 50-60 yaşlarında olub. Ərazidə qadının başı, ayaqları (pəncə hissəsi) və daxili orqanları aşkar edilib, qalan əzalar isə tapılmayıb.
Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-istintaq tədbirləri ilə mərhumun Bülbülə qəsəbə sakini, 58 yaşlı Lyubov Rəhimova olması və bu il fevralın 12-də yaşadığı evdə tanışı, əvvəllər məhkum olunmuş 50 yaşlı İ.Qorlova tərəfindən küt alətlə qətlə yetirilib, balta ilə hissələrə bölündükdən sonra qeyd edilən məişət tullantıları qutusuna atılması müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri ilə İ.Qorlova tutularaq istintaqa təhvil verilib.