Cəmiyyət

Tibb və qeyri-tibb işçilərinə 13,5 milyon manat əlavə ödənildi

Tibb və qeyri-tibb işçilərinə 13,5 milyon manat əlavə ödənildi







İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi koronavirus pandemiyası ilə mübarizədə iştirak edən Bakı şəhəri üzrə 29,respublikanın digər şəhər və rayonları üzrə 96 dövlət tibb müəssisəsinin 9405 nəfər tibb işçisinə və 2369 nəfər qeyri-tibb işçisinə oktyabr ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 13,5 milyon manat müddətli əlavə ödənilib. 

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaydığı məlumatda qeyd olunub. 

Agentlik tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə oktyabr ayı üzrə iş vaxtına mütənasib olaraq müddətli əlavə ödənilib. 

Tibbi  profilaktik tədbirləri həyata keçirən 2093 nəfər tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində cəmi 1,7 milyon manat ödənilib.

Təcili tibbi yardım xidməti göstərən 3765 nəfər tibb işçisinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan 344 nəfər laboratoriya işçisinə aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində cəmi 5,8 milyon manat ödənilib.

Pasiyentlərə stasionar tibbi xidmət göstərən 3203 nəfər tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində cəmi 4,1 milyon manat ödənilib.

Məlumatda o da qeyd olunub ki, 2369 nəfər qeyri-tibb işçisinə 3-5 misli məbləğində 1.9 milyon manat müddətli əlavə verilib.

Xatırladaq ki, Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavə cari ilin noyabr və dekabr ayları üzrə də iş vaxtına mütənasib olaraq ödəniləcək.