Cəmiyyət

Dövlət Komitəsi xaricdə yaşayan aztəminatlı soydaşlarımıza sosial yardım göstərəcək

Dövlət Komitəsi xaricdə yaşayan aztəminatlı soydaşlarımıza sosial yardım göstərəcək
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 

Azərbaycan Respublikasının Nazirlər Kabineti Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış "Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi Qaydası”nı təsdiqləyib.

Kanal14.az xəbər verir ki,bu Qayda "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hazırlanıb və xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi mexanizmini müəyyən edir.

Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsipləri və müvafiq xarici dövlətin milli qanunvericiliyi nəzərə alınmaqla həyata keçiriləcək.

2021-ci il yanvarın 1-dən qüvvəyə minəcək Qərara əsasən, xarici ölkədə 182 gündən çox müddətdə yaşayan, orta aylıq gəliri yaşadığı ölkənin orta aylıq əməkhaqqından az olan aztəminatlı azərbaycanlılar aşağıdakı hallarda birdəfəlik pul yardımı ala biləcəklər:

1. qəyyumluğunda (himayəsində) hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan azərbaycanlı şəxslər olduqda.

2. fövqəladə hallar, müharibə və hərbi əməliyyatlar zamanı zərər çəkdikdə və yaşadığı ölkədə dəymiş zərərin ödənilməsi ilə bağlı sığorta və digər vasitələrdən zəruri yardım almadıqda.

3. vəfat etmiş yaxın qohumunun cənazəsinin Azərbaycan Respublikasına gətirilməsi zərurəti yarandıqda.

Sosial yardım almaq üçün müraciət "Elektron hökumət” portalından və ya Azərbaycan Diasporuna Dəstək Fondunun rəsmi internet səhifəsindən istifadə etməklə elektron formada həyata keçiriləcək.

Yardımın təyin olunması barədə qərar qəbul edildiyi gündən 3 iş günü müddətində sosial yardımın ödənilməsi həyata keçirilir. Sosial yardımın yuxarı həddi 3000 (üç min) manat müəyyən edilib.

Qeyd edək ki, sosial yardımın göstərilməsinə nəzarət Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən həyata keçiriləcək.

"Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi Qaydası” ilə bu linkdə tanış olmaq mümkündür: https://nk.gov.az/az/document/4900/