Cəmiyyət

"Mcdonald's-ın məhsulları ziyanlıdır, boykot edilməlidir" - AİB sədri

"Mcdonald's-ın məhsulları ziyanlıdır, boykot edilməlidir" - AİB sədri
 
 
 
 
 

 
 
 
 
 
 

 
 
 
 
 

Azad İstehlakçılar Birliyi 1998-ci ildən AİİB Beynəlxalq İstehlakçılar Təşkilatının (Comsumers İnternational) üzvüdür. 120 ölkənin istehlakçı qurumları üç ildən bir dünyanın müxtəlif ölkələrində toplaşır. Həmin toplantılarda fast food yeməklərindən, eləcə də Mcdonald's kimi fast food istehsalçılarının insan həyatına zərər gətirən ticarət şəbəkəsi olmasından mütləq söz açırıq.

Bu fikirləri Azad İstehlakçılar Birliyinin sədriEyyub Hüseynov deyib.

Onun sözlərinə görə, istehlakçı hüquqlarını qoruyan bütün dünya təşkilatları, o cümlədən Azad İstehlakçılar Birliyi birmənalı şəkildə fast food istehsalçılarına qarşıdır:

"Əgər Mcdonald's-ın qidalarının tərkibindəki ətə nəzər yetirsək, onlar daş kimidir, xaricdən gətirilir, ət və ya süni ət olduğu bilinmir. Sadəcə, xüsusi cihazlarda bişirilərək, istehlakçılara verilir. Zərərli qidalardır və təəssüf ki, bütün ölkələrdə yayılır. Səbəb odur ki, həmin qidaları insanların şüuruna yeridən reklam kampaniyaları aparılır. İnsanlar o məhsulları ayaqüstü yeyib işə tələsirlər.

Hazırda biz sürət dövründə yaşayırıq və insanlar qida sürətini də artırıblar. Mövcud durumdan istifadə edən belə şirkətlər insanların sağlamlığına ciddi zərər yetirirlər. Bu qidaları istehlak edən şəxslər ən çox həkimə müraciət edən və dərman biznesinə dəstək verənlərdir”.

Eyyub Hüseynov sözügedən qida şəbəkələrinin boykot edilməsindən də söz açıb: "Doğrusu, istehlakçı hüquqlarını qoruyan qurum olaraq biz bu qida şəbəkələrinin ölkəmizdə fəaliyyət göstərməsini istəmirik. İstehlakçılarımızın Azad İstehlakçılar Birliyinə çox böyük inamı var. Amma təəssüf ki, bir məhsulun boykotu lazım bilinəndə kütləvi şəkildə bu kampaniyaya qoşulmaq səviyyəsinə çatmamışıq.

Hesab edirik ki, insanlarımıza, dövlətimizə, siyasətimizə zərər verən ölkələrin biznesləri Azərbaycandan çıxıb getməlidirlər. Bunu dövlətin etməsi düzgün olmaz, istehlakçılar təşkil etməlidir...”

(Teleqraf.com)