Cəmiyyət

Məktəblər yenidən bağlanacaq? - AÇIQLAMA

Məktəblər yenidən bağlanacaq? - AÇIQLAMA
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 

Azərbaycanda koronavirusa yoluxmada kəskin artımın qeydə alınması narahatlıq doğurur. Buna səbəb virusun həm də məktəblərə yol tapmasıdır. İndiyədək yüzlərlə şagirdin koronavirusa yoluxması təhsil ocaqlarında tədrisin yenidən dayandırılması ehtimalını gündəmə gətirib.

 

Məsələ ilə bağlı Yenisabah.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, birmənalı şəkildə bu yoluxma tədris prosesinin fəaliyyətinə təsir göstərməyəcək:

"Onsuz da müvəqqəti qaydalara görə, Bakı, Abşeron və Sumqayıtda şagirdlər həftədə üç dəfə, regionlarda isə şagird sayı 200-dən az olan məktəblərdə 5 dəfə məktəbə gedirlər. Hazırda mərhələli şəkildə tədris prosesi bərpa olunur. Sentyabrın 15-dən ibtidai siniflərin, oktyabrın 1-dən 5-9-cu siniflərin tədrisinə start verilib, oktyabrın 19-dan isə 10-11-ci sinifdə təhsil alan şagirdlər mərhələli tədris prosesində iştirak edəcəklər. Onlar məktəbə gedən zaman məktəbin girişində xüsusi müəllimlər tərəfindən temperaturları ölçülür, yüksək temperaturu olanlar təbii ki, tədris prosesinə buraxılmırlar. Hər gün Təhsil Nazirliyi yoluxan şəxslərlə bağlı məlumat verir. O şəxslərin heç biri məktəbdə yoluxmaya məruz qalmayıblar. Onlar məktəbə gələnədək yolda, evdə qohumları, ailə üzvləri ilə ünsiyyət nəticəsində yoluxma predmetinə çevriliblər. Yoluxanların  sayının artması tədris prosesinə təsir göstərməyəcək. Çünki hazırda ölkənin ümumtəhsil məktəblərində 1,6 milyon şagird təhsil alır, təkcə ibtidai sinifdə oxuyanların sayı 640 min nəfərdir. Onların fonunda təbii ki, 530 nəfərin yoluxması böyük rəqəm deyil. Yoluxan şəxslər onsuz da 14 günün tamamında növbəti yoxlamadan sonra tədris prosesinə buraxılırlar”.

Ekspert qeyd edib ki, yoluxma sayınını o qədər də fantastik həddə çıxması gözlənilmir:

Məktəblər yenidən bağlanacaq? İndiki situasiyada sadəcə çox təəssüf ki, valideynlər qaydalara riayət etmirlər. Artıq küçədə qoruyucu maskalardan istifadə edən, ara məsafə gözləyənləri demək olar ki, görmürük. Amma bütün hallarda yoluxanların sayındakı artım tədris müəssisələrinin fəaliyyətinin yenidən dayandırılmasına gətirib çıxarmayacaq. Sadəcə kiçik bir araşdırma aparmağa ehtiyac var. Çox təəssüf ki, bəzi hallarda Operativ Qərargah araşdırmadan hansısa fəaliyyət prosesinə qadağa qoyur. Bildirim ki, tədris prosesinin yenidən məhdudlaşdırılması ciddi fəsadlara gətirib çıxarar. 27 sentyabrdan etibarən müharibə şəraitinə görə internetin verilməsində məhdudiyyətlər var və Təhsil Nazirliyi hər gün elan edir ki, bir neçə sinif və məktəb tədrisi distant qaydada həyata keçirir. Amma distant qaydada tədris hazırda mümkün deyil. Çünki internetin verilməsində məhdudiyyətlər var. Təhsilin əlçatanlığı təmin edilmir. Artıq oktyabr ayı yarıdadır. Qəbul və buraxılış imtahanları var və hazırkı vəziyyət ciddi problemlərə gətirib çıxaracaq. Çünki növbəti tədris ilinin qəbul və buraxılış imtahanları ilə bağlı hər hansı plan ortada yoxdur. Bütün bunları nəzərə alsaq, hansısa yoluxma baş verən məktəblərin fəaliyyəti qismən məhdudlaşdırılacaq. Yəni bundan sonrakı prosesdə isə yalnız və yalnız kütləvi yoluxmanın baş verdiyi məktəblərin 14 gün fəaliyyəti dayandırılacaq. Ümumilikdə ölkə üzrə tədrisin yenidən dayandırılması mümkün deyil. Sadəcə müharibə şəraitinə görə cəbhəyanı ərazilərdə 1 200 məktəbin fəaliyyəti məhdudlaşdırılıb”.